“Səbail” qapıçısı Nikolas Hagen klubun saytına müsahibə verib.  Qvatemala millisinin qolkiperi ölkəmiz və karyerası barədə fikirlərini açıqlayıb.

 

- 5 aya yaxındır burdasınız. Azərbaycan haqqında nələr öyrənmisiz?

- Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.

 

- Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?

- Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla arzuma çatmaq istəyirəm. Bu da addımlarımdan biridir.

 

- Bu il karyeranıza yeni nələr qatdınız?

- Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.

 

- Sizi motivasiya edən nədir?

- Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.

 

- Karyeranızda ən yaddaqalan oyun hansıdır?

- 2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. Həmin oyunda Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlmişdik.

 

- Qvatemalada ən çox nə üçün darıxırsız?

- Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.

 

- Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?

- Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.

 

- Koronavirusdan necə müdafiə olunursunuz?

- Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.